Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü elan olunub.
Bu, Cəbrayıl rayonunun işğaldan azad olunduğu gündür. 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
Sayı 52 mindən çox olan Cəbrayıl əhalisi ölkənin müxtəlif bölgələrində yerləşən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdırılmışdı. Ərazisi cəmi 1050 kv.km-dən ibarət olan Cəbrayıl rayonunun işğalı sadəcə torpaq itkisi deyildi. Qiymətli tikinti materialları xammalına, dəmir filizi və hətta neft ehtiyatlarına malik olan Cəbrayıl rayonu həm də tarixi-mədəni irsimizi təsdiq edən çoxsaylı abidələrlə zəngindir. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, o cümlədən türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri tarixi keçmişimizin nişanələridir.
Minillər boyu bu torpaqlarda yaşayıb yaratmış əcdadlarımızın izini silmək üçün erməni işğalçıları bu möhtəşəm abidələri məhv etmiş və ya dağıntılara məruz qoymuşdular. İşğal dövründə Cəbrayıl rayonunun bütün mülki infrastrukturu dağıdılmış və ekspertlərin qənaətinə görə İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurulmuşdur. İşğal dövründə Cəbrayıl ərazisində işğalçılar tərəfindən qurulmuş hərbi istehkamlar rayonu alınmaz qalaya çevirmişdi.
Lakin bu Azərbaycan Ordusunun qarşısını ala bilməzdi. 27 il ərzində işğal altında qalmış Cəbrayıl rayonu 2020-ci ilin 44 günlük Vətən müharibəsinin elə ilk günlərində azad olundu. 2020-ci ilin 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində isə Cəbrayıl şəhəri və rayonun digər 9 kəndi işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.
Böyük Qayıdışın Cəbrayıl tarixçəsi
Qarabağ · 06.10.2026 22:46 · Turan elizade Moderator

Şərhlər